“Adı  Azərbaycan, paytaxtı Bakı olan dövləti ilk dəfə  Rəsulzadə və onun silahdaşları yaradıb...” - BORAN ƏZİZ

14:55 27.05.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Dünyanın müxtəlif ölkələrinə səpələnmiş əlli milyonluq bir xalqa belə möhtəşəm bir əsər, yadigar qoyub getmiş qurucu babalarımızı ehtiramla yad etmək, xatirələrini uca tutmaq hamımızın borcudur...“

Azərbaycanın dövlətçilik tarixi e.ə. III-II minillikdən başlayır. Bu müddətdən Azərbaycan Xalq Cümhuriyyətinə qədər olan dövlətlərin adları və paytaxtları müxtəlif olmuşdur. Adı  Azərbaycan, paytaxtı Bakı olan dövləti tarixdə ilk dəfə torpağı nurla dolmuş Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları yaradıb.

Özü də Cümhuriyyət təsadüfən, kiminsə çar Rusiyasından bilik, bacarıq və təhsilinə uyğun vəzifə ala bilməməsindən deyil, çarizmin torpaqlarımızda həyata keçirdiyi müstəmləkə siyasətindən, həmçinin dünyada, Avropada, Rusiyada, bölgədə və Vətənimizdə gedən proseslərdən, aparılan ağır, məqsədli, ancaq şərəfli bir mübarizədən – Milli azadlıq mübarizəsindən sonra yaranmışdır”.

Bu fikirləri hafta.az-a açıqlamasında 28 May Müstəqillik Günü barədə danışan tanınmış tarixçi Boran Əziz ifadə edib.

“Cümhuriyyətə qədər Vətənimizin ərazisində qurulan dövlətləri ayrı-ayrı ailələr, sülalələr yaratmışlar. İlk dəfə olaraq əhalinin müxtəlif təbəqələri içərisindən çıxmış ziyalılar, müxtəlif bölgələrdən olan insanlar bir inam, bir ideologiya əsasında birləşib milli təəssübkeşliyi yüksək olan sahibkarların da yaxından köməyi ilə Milli dövlət- Cümhuriyyət qurmuşlar...

Məsələ burasındadır ki, çar Rusiyası “XIX əsrin başında Azərbaycanı istilaya girişdiyi zaman qarşısında sözün müasir mənasında milli birliyini anlamış bir Azərbaycan deyil, bir-birinin müqəddəratına laqeyd xanlıqlardan ibarət zəif bir məmləkət görmüşdü”” , - deyə davamında həmsöhbətimiz bildirib.

“Qurucu babalarımız çar Rusiyasının məqsədyönlü şəkildə param-parça edib müxtəlif quberniya və qəzalara böldüyü torpaqlarımızın bir hissəsində yoxdan bir dövlət, Şimaldakı torpaqlarımızın əksər hissəsini əhatə edən, müsəlman türk dünyasında ilk demokratik, dünyəvi dövləti – Azərbaycan Cümhuriyyətini yarada bildilər. Nəticədə buna qədər yalnız coğrafi məfhum olan Azərbaycan ilk dəfə beynəlxalq hüququn subyektinə çevrildi...

Dünyanın müxtəlif ölkələrinə səpələnmiş əlli milyonluq bir xalqa belə möhtəşəm bir əsər, yadigar qoyub getmiş qurucu babalarımızı ehtiramla yad etmək, xatirələrini uca tutmaq hamımızın borcudur. Bu səbəbdən belə dəyərləri yaşadan, bölüşən insanların qəlbində onlar özlərinə əzəmətli, əbədi heykəl qoymuşlar”, -  deyə tarixçi alim vurğulayıb.